Xəzər Xəbər

İtaliyada “Nəsimi günləri” başlayıb - FOTO

Mədəniyyət | 08:44 • 10 Dekabr 2019
İtaliyada “Nəsimi günləri” başlayıb -

Dahi mütəfəkkir şair İmadəddin Nəsimin anadan olmasının 650 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə əlaqədar İtaliyada təşkil edilmiş "Nəsimi günləri” çərçivəsində Neapol Şərqşünaslıq Universitetində italyan dilinə tərcümə edilmiş "Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib.


Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycanın İtaliyadakı səfirliyinin, Neapol Şərqşünaslıq Universitetinin və İtaliyanın "Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Neapol Şərqşünaslıq Universitetinin müəllim-tələbə heyəti, şəhərin elm və mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan universitetin prorektoru professor Rita Librandi dahi Nəsimi yaradıcılığı haqqında danışaraq, onun Azərbaycanın hüdudlarından kənarda, ümumilikdə Şərq xalqlarının ictimai-bədii fikrinin inkişafında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dünya poeziyasının kamil nümunələri sırasında xüsusi yer tutan dahi mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunmuş bu təqdimatın təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, bu kimi tədbirlərin keçirilməsinin akademik sahədə münasibətlərin genişləndirilməsinə xidmət göstərdiyini vurğulayıb. O, kitabın ərsəyə gəlməsində mühüm rolu olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və "Sandro Teti” nəşriyyat evinin töhfəsi ilə son illərdə İtaliyada həyata keçirilən layihələrdən bəhs edərək onların Azərbaycan mədəniyyəti irsinin öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb etdiyini qeyd edib. Diplomat Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafı və ədəbiyyatımızdakı önəmli rolu, eləcə də bu il dahi şairin anadan olmasının 650 illiyi çərçivəsində İtaliyada keçirilən Nəsimi günləri barədə danışıb.


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə çıxışında Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın dünya mədəniyyətinə, incəsənətinə bəxş etdiyi dahi şəxsiyyətlər arasında xüsusi yer tutan Nəsimi yaradıcılığının əvəzsiz rolundan bəhs edib. Rəhbərlik etdiyi Fondun əsas məqsədinin türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılmasından ibarət olduğunu bildirən G.Əfəndiyeva "Nəsimi ili” çərçivəsində Fondun gördüyü işlərdən və gələcək layihələrdən danışıb. Çıxışında "Nəsimi poeziyası” kitabının əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva sözügedən əsərlər toplusunun Türk dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı italyan oxuculara dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.


Tədbirdə çıxış edən Neapol Şərqşünaslıq Universitetinin Asiya, Afrika və Aralıq Dənizi kafedrasının direktoru professor Mikele Bernardini mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə seçilən şairin zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.


"Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş 100-dən çox qəzəl və rübaidən ibarət əsərlər toplusunun Nəsimi yaradıcılığının İtaliyada tanıdılmasında mühüm rolu olacağını diqqətə çatdırıb. O, çıxışında Azərbaycan haqqında nəşr olunmuş çoxsaylı kitablar, o cümlədən azərbaycanlı müəlliflər tərəfindən italyan dilinə tərcümə edilmiş əsərlərin İtaliyada Azərbaycanın tanıdılması işinə böyük töhfə verdiyini söyləyib.


Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış və Nəsiminin həyat və yaradıcılığından bəhs edən "Əbədi eşq günəsi” adlı sənədli film nümayiş olunub.


Tədbir Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra əsərlərin bədii-musiqili kompozisiya formasında təqdimatı ilə davam etdirilib.


Qeyd edək ki, Neapoldan başlayan "Nəsimi günləri” növbəti günlərdə Roma və Venesiya şəhərlərində davam etdiriləcək. (AZƏRTAC)

Xəbər lenti