Xəzər Xəbər

Küveytin Baş nazir əvəzi yeni hökuməti formalaşdırmaqdan imtina edib

Dünya | 16:07 • 18 Noyabr 2019
Küveytin Baş nazir əvəzi yeni hökuməti formalaşdırmaqdan imtina edib

Küveytin Baş naziri vəzifələrinin icraçısı şeyx Cabir əl-Mübarək əl-Hamad əl-Sabah əmirin yeni hökuməti formalaşdırmaq təklifindən imtina edib.


Xezerxeber.az xəbər verir ki, baş nazir vəzifələrinin icraçısı göstərdiyi etimada görə dövlət başçısına təşəkkür edib, lakin hökuməti formalaşdırmaq təklifini qəbul edə bilməyəcəyi üçün üzr istəyib.


Yerli mətbuatın məlumatına görə, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın yaxın saatlarda hökumət ətrafında yaranan vəziyyətlə bağlı xalqa müraciət edəcəyi gözlənilir.


Bir qədər əvvəl Küveyt əmiri Müdafiə və Daxili İşlər nazirlərini istefaya göndərərək Cabir əl-Mübarək əl-Hamad əl-Sabaha yeni hökuməti formalaşdırmağı təklif edib.


Bundan öncə noyabrın 14-də isə Küveyt lideri ölkə hökumətinin istefasını qəbul edib və nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrinin icrasını davam etdirməyi tapşırıb. Hökumətin rəsmi nümayəndəsi bu addımın nazirlər kabinetinin işinin yenidən təşkil olunması üçün atıldığını bildirib.

Xəbər lenti