Xəzər Xəbər

“Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək” OQTAY ƏSƏDOV

Gündəm | 14:18 • 12 Noyabr 2019
“Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək”

Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.

XəzərXəbər xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir və iclasın gündəliyinə 11 məsələ daxildir.

Oqtay Əsədov bildirib ki, 2020-ci il büdcəsi sosial yönümlüdür. Onun sözlərinə görə, 2020-ci il dövlət büdcəsində sosial müdafiəyə ayrılan maliyyə 31%, təhsilə ayrılan vəsait 38%, elm xərcləri 42%, müdafiə sahəsinə ayrılan maliyyə 21% artırılıb.

Spiker qeyd edib ki, 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manat olub. Milli Məclis sədri əlavə edib ki, məcburi köçkünlərin problemləri diqqət mərkəzində olacaq.

Oqtay Əsədov ölkədə aparılan iqtisadi islahatlara da münasibət bildirib: "Xüsusilə gömrük və vergi sahələrində ciddi islahatlar aparıldı. Təsədüfi deyil ki, Azərbaycan islahat aparılan ölkələr siyahısında ilk yerləri tutur. Ötən 9 ayda ÜDM 2.5 faiz artıb. Burada diqqətçəkən məqam qeyri-neft sektorunda olan artımdır. Ölkəmizin valyuta ehtiyatları artıb və vəsaitlərin böyük hissəsi qeyri-neft sektoruna yatırılıb. Əhalinin gəlirləri artıb, inflyasiya isə azalaraq 2.6 faiz civarında qərarlaşıb. Gələn il də iqtisadi göstəricilərin artacağı gözlənilir. Bunun nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə qədər yüksələcək”.

Qeyd edək ki, iclasda Baş nazir Əli Əsədov iştirak edir.

Xəbər lenti