Xəzər Xəbər

Bakının bolşevik-daşnak hərbi birləşmələrindən azad edilməsindən 101 il ötür - VİDEO

Veb TV | 18:45 • 15 Sentyabr 2019
Bakının bolşevik-daşnak hərbi birləşmələrindən azad edilməsindən 101 il ötür -
Sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 101 il ötür. 

Xezerxeber.az xəbər verir ki, bu münasibətlə Türkiyənin ölkəmizdəki səfirliyi və bir sıra ictimai təşkilatların nümayəndələri Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Səhər saatlarından etibarən Şəhidlər xiyabanında yerləşən Türkiyə şəhidliyi abidəsinə insan axını olub. 
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.

Səfir Erkan Özoral Türkiyə Şəhidlik abidəsini iki ölkənin dostluğunun nümunəsi olduğunu vurğulayıb.

Səfir çıxışında bildirib ki, Türkiyə və Azərbaycan tarix boyunca bir yerdə olub, bundan sonra da bir olacağıq: "Çünki biz bir millət, iki dövlətik. Qafqaz İslam Ordusu da 101 il əvvəl Azərbaycana bu hisslərlə gəlmişdi”.
Tədbir iştirakçıları şəhidlərin məzarları önünə də tər qərənfillər düzüblər.
Sonra Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarı üzərinə güllər düzüblər, "Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. 


Bu arada, gənclər təşkilatlarının nümayəndələri də şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Gənclər Təşkilatları Milli Şurası, "İrəli" İctimai Birliyi və Türk Tələbə Birliyinin nümayəndələri iştirak ediblər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan gənclər həmrəylik, birlik mesajları veriblər.

Xatırladaq ki, 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu döyüşlərdə Qafqaz-İslam Ordusu 1130 şəhid verib. Şəhidlər xiyabanında həmin şəhidlərin ad-soyadlarını daşıyan xatirə lövhələri vurulub və hər il minlərlə insan bu abidəni ziyarət etməklə iki ölkənin qardaşlıq tarixinə şahidlik edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar