Xəzər Xəbər

Avstriya qeyri-leqal miqrasiyada hədəf ölkələri siyahısından çıxıb

Dünya | 14:03 • 25 Avqust 2019
Avstriya qeyri-leqal miqrasiyada hədəf ölkələri siyahısından çıxıb

Avstriyaya qeyri-leqal miqrasiya getdikcə azalmaqdadır. Bu barədə rəsmi rəqəmlər Cinayətkarlığa qarşı Mübarizə üzrə Federal İdarənin 2018-ci il üzrə hesabatında əks olunub.


Avstriya miqrant qaçaqmalçılığı üzrə ilk beşliyi tərk edib. 2018-ci ildə ölkə ərazisinə qeyri-leqal şəkildə daxil olmuş 21 min 236 nəfər saxlanılıb. Bu isə 2017-ci illə müqayisədə 23,5 faiz azalma deməkdir. Ötən il saxlanılanların 2843 nəfəri ölkəyə miqrant qaçaqmalçılarının müşayiəti ilə daxil olublar. 2017-ci ildə isə bu rəqəm 8994 nəfər idi.


Miqrant qaçaqmalçılığı və insan alverinə qarşı mübarizə üzrə Baş İdarənin rəhbəri Qerald Tatsqern bildirib ki, 2018-ci ildə sayın azalması ilk növbədə cinayətkar qrupların öz marşrutlarını dəyişməsi və Avstriyadan yan keçməyə çalışmaları ilə izah edilə bilər. Bundan başqa, saxlanılan şəxslər dindirilərkən əksər hallarda Avstriyanın onların hədəf ölkələri içərisində olmadığı da müəyyənləşir. Digər səbəblər sırasında, həmçinin hazırda Suriyada döyüşlərin səngiməsi və Aİ ilə əldə edilmiş miqrasiya paktına müvafiq olaraq Türkiyənin qaçqınları öz ərazisində yerləşdirməsi də göstərilib.


Ötən il Avstriyaya qeyri-leqal daxil olan şəxslər əsasən Nigeriya, Serbiya, Əfqanıstan, Hindistan və Pakistan vətəndaşları olublar. (AZƏRTAC)

Xəbər lenti