Xəzər Xəbər

XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq

İdman | 14:41 • 20 İyul 2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq.


AZƏRTAC xəbər verir ki, 12 idman obyektində keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.


Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer alıb.


Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.


AZƏRTAC XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.

Xəbər lenti