Xəzər Xəbər

Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

Dünya | 22:31 • 15 İyul 2019
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

Dünya Səhiyyə Təşkilatının (DST) son hesabatında bildirilib ki, internet oyunları müasir dövrün xəstəliyidir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın ekspertləri dünya ictimaiyyətinin diqqətini psixoloji problemlərə səbəb olan bu problemə cəlb etmək istəyirlər. Onlar bu bəlanı Beynəlxalq Xəstəliklər Təsnifatına da daxil ediblər.


DST-nin hesabatına görə, Yaponiyada artıq bir neçə ildir internet asılılığından qurtulmaq üçün 80 proqram həyata keçirilib. Bu ölkənin Kanaqava prefekturasında analoji mərkəzə rəhbərlik edən doktor Hiçuqinin sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. O əlavə edib ki, hazırda onun rəhbərlik etdiyi mərkəzdə internet asılılığından müalicə olunan 269 pasiyentdən 241-i məhz internet oyunlarının təsiri altına düşənlərdir.


İnternet oyunlarından asılı vəziyyətə düşənlər bu vərdişdən əl çəkə bilmirlər, hətta işdən çıxarılma və ya təhsildən ayrı düşmə təhlükəsi də onları yola gətirə bilmir. Hesablamalara görə, Avropa və Şimali Amerikada əhalinin 1 faizdən 10 faizə qədəri bu xəstəliyə düçar olub. DST-nin nümayəndəsi Vladimir Poznyak bildirib ki, bu problemin dəqiq miqyası və xarakterik xüsusiyyətləri hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, xəstəliyin müalicəsində həkimlərin qarşısında duran əsas əngəl onun əsas simptomları ilə bağlı konsensusun, bu sahədə ictimai səhiyyə siyasətinin olmamasıdır. Bütün bunlar səmərəli monitorinq aparmağa mane olur.


Mütəxəssislər qeyd edirlər ki, internetin daha geniş yayılması da xəstəliyin müalicəsini çətinləşdirir. DST-nin mayda təqdim etdiyi Beynəlxalq Xəstəliklər Təsnifatının yeni versiyasına görə, "internetdə oyun pozuntusu” diaqnozu 12 ay müddətində vaxtının çoxunu internet oyunlarına sərf edənlərə, onları özünün bütün maraqlarından və fəaliyyətlərindən üstün tutanlara və mənfi nəticələrinə rəğmən bu vərdişdən əl çəkməyənlərə qoyulur.

Xəbər lenti