Xəzər Xəbər

Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 21:16 • 15 İyun 2019
Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq -

"Virtual Qarabağ” ikt gənclər ictimai birliyi ilə məşhur transmilli Google şirkətinin Google Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 


Xezerxeber.az-ın məlumatına görə, əldə olunmuş razılığa əsasən, "Virtual Qarabağ” ikt gənclər ictimai birliyi Google Mədəniyyət İnstitutunun Google Arts & Culture onlayn platformasında Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri – maddi mədəni irsinə dair orjinal rəqəmsal kontentləri şəkil, audio, video,yüksək və ya ultra yüksək görüntü, panoram təsvir, 3 D model formatında yerləşdirə, nümayiş etdirə bilər, onlayn sərgilər təşkil edə bilər.

"Virtual Qarabağ” ikt gənclər ictimai birliyinin rəhbəri Nurəddin Mehdiyevin sözlərinə görə, imzalanmış müqavilə Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri – maddi mədəni irsi haqqında rəqəmsal məlumatların bütün dünyanın izlədiyi onlayn platformada nümayiş etdirilməsinə səbəb olacaq, eyni zamanda Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada obyektiv şəkildə yayılmasına tövhə verəcək. Platforma mədəniyyətimizi, muzey əsərlərimizi, mədəni irsimizi tanıtmaq imkanını yaradır.

Google Mədəniyyət İnstitutu Google şirkəti tərəfindən 2011 – ci ildə yaradılıb. İnstitutun Google Arts & Culture layihəsi dünya ictimaiyyətinin dünya muzeylərində yerləşdirilən yüksək keyfiyyətli şəkillərə, rəqəmsal kontentlərə çıxış əldə edə biləcəyi qlobal onlayn platformadır. Arts & Culture platforması təşəbbüsünün əsas məqsədi dünyanın müxtəlif ölkələrinin mədəni irsinin bütün dünya xalqları üçün əlçatan olması, bu irsin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün rəqəmsal formada qorunub saxlanılmasıdır.

Hazırda platformada dünyanın 40 – dan çox ölkəsinin 50-ə yaxın böyük muzeylərinin, o cümlədən Britaniya Muzeyinin, Florensiyadakı Qalileo Muzeyinin, Nyu – Yorkdakı Yəhudi Tarixi Mərkəzinin, Varşavadakı Polşa Tarixi Muzeyinin eksponatları rəqəmsal formada nümayiş etdirilir, layihə 2000-dən çox kiçik tərəfdaşa və minlərlə rəqəmsal sərgiyə sahibdir. Platforma İngilis, Yapon, İndoneziya, Fransız, İtalyan, Polyak və Portuqal da daxil olmaqla 18 dildə mövcuddur. İstifadəçilər bu platformada sosial media və ənənəvi onlayn ünsiyyət mexanizmləri vasitəsi ilə başqaları ilə öz incəsənət əsərlərini asanlıqla paylaşa bilərlər. Platforma incəsənət və mədəniyyət hadisələri üçün böyük platform olmaqla yanaşı təhsil, turizm, elmi araşdırmalar üçün də axtarış imkanı yaradır.


"Virtual Qarabağ” gənclər ictimai birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər müxtəlif dillərdə ”İrəvan – gizlədilmiş həqiqətlər”, "Zəngəzur”, "Qarabağ - əcdadlarımızın mirası” sənədli filmlər ( AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi dəstəyi ilə), "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, "Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan "Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl 3D qrafik təsvirli filmlər, "Qarabağın səsi” beynəlxalq layihə, "Qarabağ atı” animasiya filmi, "Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideolar, Qarabağa dair müasir - kütləvi elktron kitabxana kimi əhəmiyyətli layihələr icra edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti