Xəzər Xəbər

"Azərbaycan dili" fənnindən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət | 15:01 • 27 May 2019
"Azərbaycan dili" fənnindən imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 26-da Bakı və Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən "Azərbaycan dili” fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün "Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirib.

DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 14:30-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1286 abituriyentdən 134 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1152 abituriyentdən 613 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə "məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 29 və 30 may tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xəbər lenti