Xəzər Xəbər

Gürcüstan MOK-un prezidenti: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

Dünya | 13:35 • 24 May 2019
Gürcüstan MOK-un prezidenti: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

Azərbaycan bu gün təkcə Cənubi Qafqaz regionunda deyil, dünyada idman ölkəsi kimi tanınır. Bakı artıq beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.


Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti, sərbəst güləş üzrə beşqat dünya çempionu, Olimpiya Oyunları çempionu Leri Xabelov söyləyib.


O deyib: "Azərbaycanda idmana dövlət səviyyəsində çox yüksək diqqət göstərilir. Bu da ölkədə idmanın inkişafında, normal cəmiyyətin və sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır. Mən çox şadam ki, dost və qardaş Azərbaycan bu gün idman ölkəsi kimi tanınır. İkiqat sevincim isə onunla bağlıdır ki, Bakı UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi edəcək”.


Gürcüstan MOK-un sədri son vaxtlar bəzi insanların Azərbaycanı tənqid etməsini pisləyib və bunun paxıllıq hissindən irəli gəldiyini söyləyib: "Bəzi qüvvələr zaman-zaman Azərbaycanın və Gürcüstanın əleyhinə qarayaxma kampaniyaları aparırlar. Onların bu cəhdləri hər zaman olduğu kimi, bu dəfə də boşa çıxdı. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir və biz idman ictimaiyyətinin nümayəndələri buna şahidik”.


L.Xabelov Avropa Gənclərinin Yay Olimpiya Festivalının iyul ayında Bakıda keçiriləcəyini də yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın dinamik inkişafı bu cür beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməyə imkan verir. "Biz azərbaycanlı dostlarımızın yüksək təşkilatçılıq bacarığını artıq görmüşük. Azərbaycan beynəlxalq səviyyəli, mötəbər idman yarışlarını yüksək səviyyədə keçirməklə bunu dəfələrlə sübut edib”, - deyə L.Xabelov əlavə edib.


MOK prezidenti UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununu Gürcüstandan olan azarkeşlərin də izləyəcəyini vurğulayıb.


Xatırladaq ki, finalda Londonun "Arsenal” və "Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Xəbər lenti