Xəzər Xəbər

"Bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq doğru deyil"

Dünya | 20:47 • 16 Fevral 2019
"Bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq doğru deyil"

Çeçenlər və azərbaycanlılar əsrlər boyu dostluq edir və bir-birlərini dəstəkləyirlər.


Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Orenburq vilayətinin Akbulak rayonundakı "Kirova” MMC kənd təsərrüfatı müəssisələrinin rəhbəri Sayd-Husen Maqomadov söyləyib.


O qeyd edib ki, Orenburqda çeçen və Azərbaycan diasporları birgə tədbirlər həyata keçirir, milli bayramları birlikdə qeyd edirlər. S.Maqomadov deyib: "Bizi ortaq tarix, dini, mədəni və qohumluq əlaqələri birləşdirir. Orenburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bizi bütün tədbirlərə dəvət edir. Biz daim bir-birimizi dəstəkləyir, bir masa arxasında toplaşır və çörəyimizi paylaşırıq”.


Orenburqdakı çeçen diasporunun nümayəndəsi Moskvada çeçenlər və azərbaycanlılar arasında son hadisələri "təxribat” adlandırıb. "Kimin haqlı, kimin günahkar olduğuna yalnız hüquq-mühafizə orqanları qiymət verməlidirlər. Hesab edirəm ki, bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq, adi bir hadisəni şişirtmək doğru deyil”,- deyə o vurğulayıb.

Xəbər lenti