Xəzər Xəbər

Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürüb

İdman | 10:54 • 16 Fevral 2019
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürüb

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürüb.


Turnirdə 31 ölkədən 200-dən artıq atlet birincilik uğrunda mübarizə aparacaq.


Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Builki yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.


Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edirlər.


İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək.


Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku təqdim olunacaq.


Qeyd edək ki, 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 dünya kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Xəbər lenti