Xəzər Xəbər

20 Yanvar faciəsindən 29 il ötür VİDEO

Veb TV | 19:43 • 20 Yanvar 2019
20 Yanvar faciəsindən 29 il ötür

Bu gün Azərbaycanda ümumxalq hüzn günüdür. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 29 il ötür. Məhz 1990-cı ilin bu günü Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilib.

20 Yanvar faciəsindən 29 il ötür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq öz suverenliyi üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görülməmiş qətliam, terror aktı törətdi.

Bu hadisə nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkəranada yeridilib, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilib. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatıb. SSRİ -nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Ümumilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı təşkil edib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. 1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.

Xəbər lenti