Xəzər Xəbər

Fevralın 1-dən tələbələrin köçürülməsi başlayır VİDEO

Veb TV | 20:04 • 16 Yanvar 2019
Fevralın 1-dən tələbələrin köçürülməsi başlayır

Fevralın 1-dən etibarən tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi,eləcə də ixtisaslarının dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılacaq. Tələbələr fevralın 7-nə qədər transfer.edu.az saytına daxil olaraq sənədlərini yükləməlidirlər. Bundan sonra köçürülmək istəyən tələbələrin sənədləri araşdırılaraq onların müraciətinə cavab veriləcək.

Qaydalara görə, ixtisaslarını və ali məktəblərini dəyişən tələbələr sonradan bundan imtina edə bilməyəcəklər. Bu şans onlara yalnız bir dəfə verilir. Tələbələrin ödənişli, yaxud dövlət sifarişi əsasında təhsillərini davam etdirməsi köçürülmənin tipindən asılıdır.

Məlumdur ki, ötən ildən etibarən magistr dərəcəsi üzrə təhsil alanların da köçürülməsinə icazə verilir. Təhsil Nazirliyinin məsləhətçisi Günay İsgəndərova deyir ki, bakalavrlardan fərqli olaraq magistrların hansı semestrdə köçürülmələri nəzərə alınır.

Əyani və ya qiyabi təhsil formasını dəyişən tələbələr eyni ixtisas olsa belə köçürülərkən onların topladıqları ballarla köçürülmək istədikləri təhsil formasının balı müqayisə edilir. Tələbələrin köçürülmək istədikləri ixtisaslarda say məhdudiyyəti tətbiq edilmir. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Bundan əlavə Bakı və Sumqayıt şəhərində təhsil alanlar öz ixtisasları üzrə bölgələrdə yerləşən ali məktəblərə köçürülmək istəyirlərsə, bu zaman bal məhdudiyyəti nəzərə alınmır. Qeyd edək ki, orta ixtisas məktəblərində təhsil alanların da sadalanan qaydalarla köçürülmələrinə icazə verilir.

Xəbər lenti