Xəzər Xəbər

Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - FOTO

İqtisadiyyat | 12:00 • 16 Yanvar 2019
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır.

Agentlikdən verilən məlumata görə, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.

Qeyd edək ki, 1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnib. Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də, hazırda körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda körpüdə geniş təmir-bərpa işləri həyata keçirilir. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları, eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib.

Xəbər lenti