Xəzər Xəbər

İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb

Dünya | 09:14 • 16 Yanvar 2019
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb

İsveçrənin www.zeitung.ch internet portalında Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsinin Sovet İttifaqının dağılmasında və Azərbaycan xalqının milli azadlıq hərəkatında oynadığı rola nəzər salınıb. Qeyd edilib ki, müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı yerlərində milli azadlıq və dövlət müstəqilliyi hərəkatları beynəlxalq münasibətlərin formalaşmasına ciddi təsir göstərib. Bir tərəfdən hansısa ölkənin suverenliyinə aparan bu hərəkatlar, eyni zamanda, qlobal siyasətin axarına da təsir göstərib. Belə hadisələrdən biri dünya tarixinə "Qara yanvar” kimi həkk olunan və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciədir. Bu qanlı hadisələr Sovet İttifaqının müqəddəratının həllində mühüm dönüş nöqtəsi oldu.

"Soyuq müharibə” erasının sonuna təsadüf edən bu kədərli, eyni zamanda, qəhrəmanlıq salnaməsinə Qərb aləmində indiyədək layiq olduğu dəyərin verilmədiyini vurğulayan müəllif 1990-cı ildə Bakıda törədilən qırğının Sovet İttifaqının son təcavüzkar aksiyası olduğunu və imperiyanın süqutunu sürətləndirdiyini diqqətə çatdırıb.

Bildirilib ki, həmin hadisələrə qədər Sovet İttifaqının xilasının mümkünlüyünə inananlar hələ də olsa da, törədilən faciədən sonra müttəfiq respublikalar Moskvadan ayrılaraq müstəqillik yolunu tutmağa başladı. Bakıda törədilən Qanlı Yanvar hadisələri ilə SSRİ-nin parçalanması qaçılmaz prosesə çevrildi. Bakı qırğını ilə sovet hakimiyyəti digər müttəfiq respublikalardakı azadlıq hərəkatlarını boğmağa, onlara dərs keçməyə çalışsa da, bu cəhd uğursuz oldu və imperiyanın kommunist rəhbərliyinin bu məqsədi əks nəticələr verdi. Bakı hadisələrindən sonra mərkəzdənqaçma meylləri daha da gücləndi, milli azadlıq hərəkatı geniş vüsət aldı. Çünki artıq heç kim qəddar imperiyanın tərkibində qalmaq istəmirdi.

Xəbər lenti

Çox oxunanlar