Xəzər Xəbər

General Qasem Rezayi: Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir

Dünya | 19:17 • 14 Dekabr 2018
General Qasem Rezayi: Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir

Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunları Komandanı general Qasem Rezayi deyib.

Azərbaycana etdiyi səfərin yekunları haqqında mətbuata məlumat verən general bildirib ki, tərəflər arasında çox uğurlu danışıqlar aparılıb. Hər iki xalqın eyni tarixi köklərə bağlı olması, dininin və adət-ənənələrinin eyni olması dövlətlərin yaxın əməkdaşlığını şərtləndirir. Azərbaycan ilə İran arasında qarşılıqlı əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişafında sərhədçilərin də böyük rolu var. Təhlükəsizliyin təmin olunması, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində birgə səylərimizi davam etdirəcəyik. Heç bir tərəf iki qonşu və dost ölkənin münasibətlərini poza bilməz.

General bildirib ki, Azərbaycan və İran prezidentləri əlaqələrin inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atıblar. Dövlət rəhbərlərinin siyasətini sərhədçilər də davam etdirir.

Bakıda keçirdiyi görüşləri yüksək dəyərləndirən general nəzərə çatdırıb ki, danışıqlar zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yaxşı nəticələr əldə olunub.

Qeyd olunub ki, gələn il Novruz bayramını Azərbaycan və İran sərhədçiləri birlikdə qeyd edəcəklər. Bu da iki dövlət arasındakı həmrəyliyin nümayişi olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti