Xəzər Xəbər

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib - VİDEO

Veb TV | 20:14 • 14 Dekabr 2018
Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib -

Avropa Parlamenti Azərbaycanın xeyrinə olan daha bir qətnamə qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, Fransanın Strasburq şəhərində Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamə müzakirə edilib. Qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb.

Millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sözlərinə görə, yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Çünki qətnamədə Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Qəbul edilən yekun qətnamə isə bu cür ikili standartlara son qoyur.

Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur. Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib.

Cavanşir Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti