Xəzər Xəbər

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib - VİDEO

Veb TV | 20:07 • 14 Dekabr 2018
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib -

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi uğurlu olub.

Xezerxeber.az-ın məlumatına görə, təşkilatın Xarici İşlər Nazirləri Şurasının bu gün Bakıda keçirilən 39-cu iclasında ölkəmizin sədrliyi yüksək qiymətləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şuranın iclasını əməkdaşlıq imkanlarının müzakirəsi üçün müsbət hesab etdiyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, son vaxtlar Qara dəniz regionunda vəziyyət pisləşib. O, Qara dəniz bölgəsini sülh, sabitlik və çiçəklənmə zonasına çevirmək üzərində çalışmağın vacibliyinə diqqət çəkib. Rusiyalı nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. O, həmçinin Ermənistandakı seçkilərdən sonra yeni yaradılacaq hökumətin münaqişənin həlli ilə bağlı fəal təmaslara davam etməyə hazır olacağına ümidvar olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, təşkilata sədrliyi müddətində Azərbaycanın səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün olub. O əlavə edib ki, 25 ildir fəaliyyət göstərən təşkilatın işində bəzi islahatlara ehtiyac var.

İclasdan sonra keçirilən mətbuat konfransında çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində əlaqələr möhkəmlənib. Nazir müavinin sözlərinə görə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla, 4 nazirlər səviyyəsində, 21 tematik və xüsusi işçi qruplarının iclasları keçirilib, bir sıra fəaliyyət planları qəbul edilib.

Mətbuat konfransında çıxış edən QDİƏT-in baş katibi Maykl Kristides uğurlu sədrliyə görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.

Qeyd edək ki, QDİƏT-ə sədrlik bu ilin iyulun 1-dən dekabrın 31-ə qədər ölkəmizdə olub. 2019-cu ilin yanvarın 1-dən isə sədrlik Bolqarıstana keçəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti