Xəzər Xəbər

“Strasburq atıcısı”nın terror şəbəkəsinə daxil olması barədə dəlil yoxdur

Dünya | 13:33 • 14 Dekabr 2018
“Strasburq atıcısı”nın terror şəbəkəsinə daxil olması barədə dəlil yoxdur

Strasburqda yeni il yarmarkasında insanlara atəş açan Şerif Şekat çox güman ki, hər hansı terror şəbəkələrinə daxil olmayıb.


AZƏRTAC Europe1 radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.


"Təhqiqat hələ başa çatmayıb, lakin onun terror təşkilatına inteqrasiya olunması, oradan xüsusi dəstək alması barədə dəlil yoxdur”, - deyə Kastaner bildirib.


Bununla belə, hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.


Bu ərəfədə Əlcəzair polisi Şerif Şekatın qardaşını həbs edib. "Le Parisien” qəzetinin məlumatına əsasən, polis xüsusilə təhlükəli cinayətkarların siyahısında yer alan 34 yaşlı Sami Şekatın hücumun təşkilində birbaşa iştirak etdiyindən şübhələnir. Onun Strasburqda baş verən faciəli hadisədən az öncə Əlcəzairə gəldiyi məlum olub.


Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında insanlara atəş açılıb. Son məlumata əsasən, Strasburq merinin terror aktı adlandırdığı insident nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb.


Cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Strasburq sakini Şerif Şekat hadisə yerindən qaçaraq gizlənib və iki sutka sonra Nodorf məhəlləsində polislə atışma zamanı öldürülüb.

Xəbər lenti