Xəzər Xəbər

Ermənistanın gələcəyi sual altındadır - VİDEO

Veb TV | 20:03 • 13 Dekabr 2018
Ermənistanın gələcəyi sual altındadır -

Ermənistanda vəziyyət gündən-günə gərginləşir.

Xezerxeber.az-ın məlumatına görə, ordudakı xaos, məmur özbaşınalığı, media nümayəndələrinə qarşı ciddi təzyiqlər artıq adi hala çevrilib. Bununla bağlı erməni mediasında silsilə materiallar dərc edilir.

Lragir.am saytı Qraparak qəzetinə istinadən yazır ki, 14 milyon dollar almaqda ittiham edilən Ermənistan parlamentinin deputatı Aram Arutunyan ölkədən qaçıb. Qəzet yazır ki, parlamentin son iclasında onun mandatı əlindən alınacaqdı, amma müəyyən səbəblərdən iclas baş tutmayıb. Məsələ ilə bağlı baş prokurorluqda iş qaldırılıb, Aram Arutunyan axtarışa verilib.

Mamul.am saytı Serj Sarkisyanın parlament seçkisində iştirakı ilə bağlı material hazırlayıb. Serj Sarkisyanın seçki məntəqəsinə ciddi mühafizə edilərək, sayrışan işıqlı avtomobillə gəlməsi diqqət çəkib. Sarkisyanın mühafizəçiləri məntəqədə səsvermə prosesini izləməyə gələn bəzi jurnalistlərin işləməsinə mane olaraq, təzyiq göstəriblər. Sayt yazır ki, Sarkisyanın belə imtiyaza malik olması Ermənistandakı hərc-mərcliyin göstəricisidir.

Jamanak qəzeti Ermənistan həbsxanalarında yaşanan anormal vəziyyətlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələrinə əsasən həbsxanalarda məhkumlara alkoqollu içkilər, narkotik maddələr verilir. Həbsxana rəhbərləriyinin bundan xəbəri olsa da, onlar özləri buna şərait yaradırlar. Pul müqabilində belə qanunsuzluqlara göz yumurlar.

Ermənistanda jurnalistlərə ciddi təzyiqlər var. Nyus.am saytının məlumatına görə xüsusilə polis əməkdaşlarının jurnalistlərə qarşı davranışları narahatlıq doğurur. Hüquq müdafiəçisi Larisa Alaverdyanın məlumatına görə, son dövrlər bir sıra media nümayəndələri polis əməkdaşları tərəfindən izlənilib. Hüquq müdafiəçisi bildirib ki, jurnalistlərin izlənməsi söz azadlığının məhdudlaşdırılmasıdır.

Ölkədə siyasi və iqtisadi vəziyyət ürəkaçan deyil. Tarix elmlər doktoru, Qafqaz Ekspertlər Cəmiyyətinin prezidenti Aleksandr Krılov "sputnik armeniya"ya müsahibəsində qeyd edib ki, Ermənistanı düşdüyü burulğandan xilas etmək lazımdır ki, insanlar ölkəni tərk etməsinlər. Tarixçi vurğulayıb ki, Ermənistanın gələcəyi Paşinyanın həyata keçirəcəyi siyasi, iqtisadi islahatlardan asılıdır. Krılov bildirib ki, ölkədə islahatlar olmasa bir neçə aydan sonra yeni siyasi qarşıdurmaların baş verməsi qaçılmazdır. Tarixçi təklif edib ki, erməni məmurlarından qanunsuz yollarla əldə etdikləri vəsaitlərin alınması mümkün variantlardan biridir.

Orduda da vəziyyət kritik həddə gəlib. Hərbçilərin intihar etməsinin qarşısını almaq mümkün olmur. Sputnik informasiya agentliyinin ermənistan bürosunun yaydığı məlumata görə, hərbi hissələrin birinin 26 yaşlı hərbçisi özünü güllələyib. Vardan Şaxnazaryanın vəziyyəti ağırdır. Onun hansı səbəbdən özünü güllələməsi araşdırılır.

Görünən odur ki, Ermənistandakı mövcud vəziyyət ölkənin gələcəyini sual altında saxlayır. Çünki ölkə rəhbərliyi bu problemləri aradan qaldırmaq əvəzinə gözləmə mövqeyindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti