Xəzər Xəbər

Kremldən hədə kimi BƏYANAT: Rusiya strateji balansın saxlanılması üçün…

Dünya | 17:54 • 20 Noyabr 2018
Kremldən hədə kimi BƏYANAT:

ABŞ Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxacağı halda, Rusiya dünyada strateji balansın saxlanılması üçün tədbirlər görəcək.

XəzərXəbər TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxışına Rusiyanın qaçılmaz cavabına gəlincə, prezident Vladimir Putin tərəfindən də deyildiyi kimi, bu onunla bağlıdır ki, Vaşinqtonun hərəkəti strateji balansın pozulmasına gətirib çıxara bilər. Müvafiq olaraq, Rusiya sülh və sabitliyin xeyrinə bu balansın bərpası üçün hərəkətlərə təşəbbüs etməyə məcbur olacaq”, - o vurğulayıb.

Peskov Rusiyanın məhz hansı cavab hərəkətlərinə təşəbbüs edəcəyini dəqiqləşdirməyib, ancaq qeyd edib ki, Rusiyanın milli maraqlarının təmin edilməsi və təhlükəsizliyin təmin olunması üçün lazım olan tədbirlər görüləcək.

Kremlin sözçüsü əlavə edib ki, Moskva müqavilə üzrə Vaşinqtonla dialoqun davam etdirilməsinə hazırdır.

Qeyd edək ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.

Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir./publika.az

Xəbər lenti