Xəzər Xəbər

Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Dünya | 16:35 • 18 Noyabr 2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

"Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik olan ölkədir. Təəssüf ki, indiyədək Azərbaycanda olmamışam. Amma Azərbaycana səfər etmək arzusundayam. Azərbaycana gedərək Qafqaz dağlarının gözəlliklərini seyr etmək istərdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Çinin kurort zonası olan Xaynan adasının Sanya şəhərinin meri A Dun deyib. O, Sanya şəhərində keçirilən 3-cü beynəlxalq mədəni sənaye sərgisi vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başladığını bildirib.

"Mən inanıram ki, Çin ilə Azərbaycan arasında münasibətlər davamlı olaraq inkişaf edəcək. Sanya şəhəri də bu gözəl münasibətlərdən bəhrələnərək, Azərbaycan ilə əməkdaşlığı genişləndirəcək. Dostluq və əməkdaşlığın inkişafı üçün şəhərimizin nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edərək, ölkənizdə müvafiq görüşlərin keçirilməsini düşünürük”, - deyə A Dun söyləyib.

Mer ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycandan olan çoxlu sayda qonaq və turist Sanyaya səfər edərək, şəhərin gözəlliklərindən zövq alacaq. Bu cür qarşılıqlı turist səfərləri iki ölkə arasındakı münasibətlərə də öz töhfəsini verəcək.

Xəbər lenti