Xəzər Xəbər

İmişlidə qısa müddətdə 10 min hektardan çox taxıl əkilib

Region | 14:34 • 15 Noyabr 2018
İmişlidə qısa müddətdə 10 min hektardan çox taxıl əkilib

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırıb. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və ilbəil taxıl istehsalı artır.


Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 15 min 992 hektar taxıl sahəsindən 68 min 371 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlər təmir olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 10 min 241 hektarda səpin aparıblar ki, bunun da 4 min 547 hektarı arpa, 5 min 694 hektarı buğda sahəsidir. Torpaq mülkiyyətçiləri, həmçinin 959 hektar yonca bitkisi də əkiblər.


Əkinçilər hər gün 400-450 hektara toxum səpirlər. Rayonun Cəfərli, Əliqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, kampaniyanı qısa müddətdə başa çatdırmaq üçün çalışırlar.

Xəbər lenti