Xəzər Xəbər

Tələblərə uyğun olmayan ət kəsimi məntəqələri sökülür - FOTO

İqtisadiyyat | 16:53 • 13 Noyabr 2018
Tələblərə uyğun olmayan ət kəsimi məntəqələri sökülür -

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sanitar-gigiyenik normalara və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyət orqanları ilə birlikdə növbəti monitorinq keçirib.

Agentlikdən xezerxeber.az-a bildiriblər ki, heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib. Yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Xəbər lenti