Xəzər Xəbər

Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib - VİDEO

Veb TV | 20:52 • 19 Oktyabr 2018
Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib -

Azərbaycan sərhədçiləri Xəzər dənizində İran gəmisinin heyət üzvlərini xilas edib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin sahil mühafizısinə məlumat daxil olub. Məlumat əsasında sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə, Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub. Zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: "Ölənlərin üçü də İran vətəndaşıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir".

Bu gün səhər saatlarında gəmidə olan digər 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Şöbənin müdiri Azər Maqsudov deyir ki, günün birinci yarısında xəstələr gətirilən zaman ilkin müayinə zamanı 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır vəziyyətdə olub.

Azər Maqsudov "Xəzər Xəbər"ə bildirdi ki, artıq günün ikinci yarısında zəhərlənən şəxslərdən 6 nəfəri buraxılıb, digərlərinin müalicəsi isə davam etdirilir. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

Qeyd edək ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti