Xəzər Xəbər

Rusiya ilə Almaniya arasında ticarətin vəziyyəti “qeyri-sabit”dir

Dünya | 17:36 • 18 Oktyabr 2018
Rusiya ilə Almaniya arasında ticarətin vəziyyəti “qeyri-sabit”dir

Almaniya Federal topdansatış və xarici ticarət birliyinin (BGA) sədri Holger Binqman Berlində keçirdiyi mətbuat konfransında 2018-ci ilin ilk altı ayının yekunlarını şərh edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Binqman Rusiya ilə Almaniya arasında ticarətin vəziyyətini son dərəcə qeyri-sabit, bu münasibətlərin perspektivlərini isə qeyri-müəyyən adlandırıb. Onun sözlərinə görə, buna səbəb Amerikanın Rusiya barəsində siyasətidir.


Binqman bildirib ki, cari ilin birinci yarısında Almaniya firmaları Rusiyaya 12,9 milyard avroluq mal göndəriblər. Əks istiqamətdə əmtəə axınının həcmi xeyli artıq – 17,5 milyard avroya bərabər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artım əsasən Rusiyadan ixracın başlıca maddələri olan xammalın və enerji daşıyıcılarının qiymətinin artması hesabına yaranıb.


Binqman daha sonra deyib: "Bununla bərabər, Rusiya ilə ticarət hədsiz dərəcədə dəyişkəndir. 2015-ci ildə Almaniyadan Rusiyaya ixracın həcmi 26 faiz, 2016-cı ildə cəmi 1 faiz azalıb, keçən il isə bu göstərici yenidən 20 faiz artıb”.


Binqman sonra nə olacağını söyləməyə çətinlik çəkdiyini bildirib. Onun fikrincə, əsas problem Amerikanın Rusiyaya qarşı sanksiyalar siyasətinin qeyri-müəyyən olmasıdır. Binqman deyib: "İki il bundan əvvəl ABŞ məqsədyönlü sanksiyalar paketi tətbiq edib. Lakin məsələ bunda deyil. İki ölkə arasında münasibətlər hədsiz qeyri-sabitdir. Tərəflər görüşür, bir-birinin əlini sıxır, bir gün sonra isə yenidən dava düşür. ABŞ-ın Rusiyaya münasibətini səciyyələndirən əlamətlər bunlardır”.


Onun proqnozuna görə, Rusiya ilə ticari-iqtisadi əlaqələr sahəsində qeyri-sabitlik bundan sonra da davam edəcək, hətta güclənəcək.


BGA prezidenti deyib: "ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər və bu sanksiyalar bütövlükdə dünya ticarət sisteminə təsir edəcək”. Binqman ABŞ-ın energetika sahəsində, o cümlədən "Şimal axını-2” qaz kəməri və ya Rusiyadan enerji daşıyıcıları idxalı ilə əlaqədar tətbiq edə biləcəyi sanksiyaları nəzərdə tutaraq deyib: "İstehsal edilən qazı harayasa satmaq lazımdır. Bu və ya digər ölkədə qazın qiyməti artsa və ya azalsa bu qazın haraya gedəcəyini öncədən söyləmək çox çətindir, lakin o özünə yol tapacaq”.

Xəbər lenti