Xəzər Xəbər

Ermənilər Kəlbəcərdə "Sidney" şəhərciyi tikir - QANUNSUZ MƏSKUNLAŞMA - VİDEO

Veb TV | 20:46 • 17 Oktyabr 2018
Ermənilər Kəlbəcərdə "Sidney" şəhərciyi tikir -

Son görüşlərdə gərginliyin azaldılması və sülh danışıqlarının davam etdiriməsi ilə bağlı istəklərini bildirən Ermənistanın siyasi rəhbərliyi digər tərəfdən işğal etdikləri torpaqlarda qanunsuz məskunlama həyata keçirirlər.

Xezerxeber.az bildirir ki, işğalçı Ermənistan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının qanunsuz məskunlaşdırılmasına xüsusi diqqət yetirir. Bunu Xankəndindəki separatçı rejimə mənsub nəşrlərin yaydığı məlumatdan aydın müşahidə etmək olur. Oktyabrın 15-də Livanda fəaliyyət göstərən "Artsax Ruts İnvestment" investisiya təşkilatının nümayəndələri qondarma separatçı rejimin "dövlət naziri" hesab edilən Qriqori Martirosyanla görüşərək ona planları barədə məlumat veriblər.

Əsasən xaricdən gəlmiş erməni iş adamları Laçının Zabux kəndi ərazisində salınan "Aqavno" qəsəbəsində yeni evlərin tikintisini davam etdirəcək. Artıq 2014-cü ildən bəri orada 50 ev tikilib və bir neçə aya daha 20 evin tikintisi haqda danışıqlar gedir.

Məsələ ilə bağlı Milli Məclisin Avstraliya ilə dostluq qrupunun üzvü deputat Sahib Alıyev bildirir ki, ermənilərin qanunsuz məskunlaşma siyasəti onların işğalçılıq planlarının bir hissəsidir və uzun illərdir bu proses davam edir.

Bundan başqa, separatçı rejimə Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edilib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının "Sidney" qoyulması təklif edilib. Sahib Alıyev bildirir ki, inşa edilən yeni infrastruktur gələcəkdə Azərbaycan sakinləri tərəfindən istifadə ediləcək.

Görüşdə son illər Kəlbəcər və Ağdərə rayonunun bir hissəsini əhatə edən "Şaumyan" və Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsində yaradılan "Kaşataq" adlı qondarma ərazi vahidlərində demoqrafik inkişafın baş verdiyi vurğulanıb. Ermənistanın siyasi rəhbərliyi bununla özləri də etiraf edirlər ki, onlar qanunsuz məskunlaşma həyata keçirirlər və bunun nəticəsində bəzi ərazilərdə yaşayan ermənilərin sayında ciddi artımlar var.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibətini açıqlayıb.

"Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır", - deyə məlumatda qeyd olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti