Xəzər Xəbər

Şəhid ailələrinə ödəniləcək vəsaitlə bağlı problem var - Milli Məclis komissiya yaradacaq - VİDEO

Veb TV | 20:48 • 16 Oktyabr 2018
Şəhid ailələrinə ödəniləcək vəsaitlə bağlı problem var -

Milli Məclisin növbəti plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, bugünkü iclas şəhid ailələrinə verilməsi nəzərdə tutulan 11 min manatlıq ödənişin icrasında yaranan problemlərin müzakirəsi ilə başlayıb.

Millət vəkili Fazil Mustafa şəhid olan şəxsə görə sığorta pulunun daha öncədən ödənildiyi iddiasının sübut olunmasının vətəndaşa həvalə edilməsinin qəbuledilməz olduğunu deyib. O, bu iddia nəticəsində çoxlu sayda insanın dövlət başçısının imzaladığı fərmandan kənarda qaldığına diqqət çəkib.

Məsələ ilə bağlı danışan millət vəkili Zahid Oruc isə bildirib ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4800 şəhid ailəsinə 11 min manatlıq ödənişin verilməsindən imtina cavabı verilib. Deputat, nazirlik və sığorta qurumu arasında yaranan hansısa problemlərə görə şəhid ailələrinin əziyyət çəkməməli olduğunu deyib.

Şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsində yaranan problemlərə münasibət bildirən Siyavuş Novruzov məsələnin mənəvi tərəfinə də ciddi yanaşılmalı olduğuna diqqət çəkib.

Şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsindəki problemlərlə bağlı müzakirələrə parlamentin sədri Oqtay Əsədov nöqtə qoyub.

Parlamentdə ən çox müzakirə olunan mövzulardan biri isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi olub. Müzakirələrdə çıxış edən millət vəkilləri dərsliklərdə yer alan və yaşa uyğun olmayan məzmunların uşaqlara hər şeydən daha çox zərər vurduğunu açıqlayıb.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında bir sıra qanunlara da texniki xarakterli əlavə və dəyişikliklər edilib. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti