Xəzər Xəbər

Hacıbala Abutalıbov: Ötən gün Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib

Cəmiyyət | 16:21 • 15 Oktyabr 2018
Hacıbala Abutalıbov: Ötən gün Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib

Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəəbəsindəki sürüşmə zonasına da təsir edib.


Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.


H.Abutalıbovun sözlərinə görə, mütəxəssislər bu qənaətə gəlib: "Ona görə də biz hərtərəfli işləyirik. Ərazini müşahidə edən dron quraşdırılıb. Sürüşmə zonasındakı vəziyyət hər an izlənilir. Ərazidə gərginlik artmayıb, amma azalmayıb da. Digər tərəfdən biz istəyirik ki, ərazidə 150 metr dərinliyində 5 quyu qazılsın ki, biz suyun səviyyəsini aşağı endirə bilək. Hələ ki, yapon mütəxəssislər araşdırmaları davam etdirir. Onların yekun rəyindən sonra biz qərar verəcəyik".


Qeyd edək ki, sürüşmə zonası ilə bağlı yaradılmış Qərargahın yaydığı son məlumata görə, ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.


Ərazidə saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.

Xəbər lenti