Xəzər Xəbər

26 müəllimin dərs yükü niyə azaldılıb? - Təhsil Nazirliyi məsələyə aydınlıq gətirdi - VİDEO

Veb TV | 20:55 • 24 Sentyabr 2018
26 müəllimin dərs yükü niyə azaldılıb? -

Saatlı rayonundan olan bir qrup müəllim haqqında 2013-cü ildə rayon təhsil şöbəsinin daxili əmri əsasında yerdəyişmə aparılıb. Bir müddət sonra bu, qanunsuz yerdəyişmə hesab edilib və onların dərs yükü azaldılıb. Hazırda həmin müəllimlər onlara təyin olunan 6 saatlıq dərs yükü və bir illik müqaviləsindən narazıdırlar. Məsələyə təhsil nazirliyi aydınlıq gətirib.

26 müəllimin dərs yükü azaldılaraq 6 saata endirilib. Üstəlik müəllimlərin əmək müqavilələri dəyişdirilərək bir illik edilib.

Saatlının əsasən Səməd Vurğun məktəbi olmaqla digər bir neçə məktəbində müəllimlər dərs saatlarının azaldılmasından narazıdılar. Şikayətçi müəllimlər iddia edir ki, onların dərs saatının azaldılmasına səbəb 2013-cü edilən yerdəyişmədir.

Şikayətçi müəllimlər deyir ki, onlar rayon təhsil şöbəsinin daxili əmri ilə yerdəyişmə ediliblər. Nazirlikdən isə müəllimlərə bildirilib ki, onlar yerdəyişməni imtahanla həyata keçirməyiblər. Dərs saatı azaldılan müəllimlər iddia edir ki, onların əksəriyyəti işlərində yüksək nəticə göstəriblər. Amma indi ən az dərs saatı onlara ayrılıb.

Məsələ ilə bağlı Təhsil nazirliyindən isə bildirdilər ki, həmin müəllimlərin dərs yükü imtahanda iştirak etmədiklərinə görə deyil, qaydalara zidd yerdəyişmə edildiyi üçün azaldılıb.

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov onu da qeyd etdi ki, həmin müəllimlər arasında diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin dərs saatının artırılması barədə artıq rayon təhsil şöbələrinə göstəriş verilib.

Xəbər lenti