Xəzər Xəbər

Azərbaycan "Tufan"ını bütün dünyaya göstərəcək

Gündəm | 17:46 • 24 Sentyabr 2018
Azərbaycan "Tufan"ını bütün dünyaya göstərəcək

Beynəlxalq Müdafiə Sərgisində dünyanın 30 ölkəsindən 225 şirkət təmsil olunacaq

Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "ADEX-2018" Müdafiə Sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək.

Bunu sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Nazir müavininin sözlərinə görə, hazırda zirehli maşın son sınaqlardan keçirilir, onun istehsalı ilə bağlı tamamlanma işləri aparılır. "Tufan" zirehli maşınının nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra isə onun istehsalına başlanılacaq.

"Əsas odur ki, istehlakçılar zirehli maşından razı qalsınlar"— deyə Musayev bildirib.

O həmçinin qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin keçirəcəyi sərgidə 260-dan artıq məhsul nümayiş etdiriləcək: "Parisdə keçirilən müdafiə və təhlükəsizlik sərgisində (EUROSATORY-2018) 260 adda məhsul nümayiş etdirilmişdi. Düşünürəm ki, Bakıdakı sərgidə onların sayı daha çox olacaq".

Musayevin dediyinə görə, sərgidə əvvəllər nümayiş olunan məhsulların təkmilləşdirilmiş versiyaları təqdim olunacaq. Nazir müavini bildirib ki, burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə yanaşı, Milli Elmlər Akademiyası, Dövlət Sərhəd Xidməti, Hava Hücumundan Müdafiə Mərkəzləri də öz məhsulları və xidmətlərini təqdim edəcəklər.

Nazir müavini xarici ölkələrdə sərgiyə olan marağın artdığını qeyd edib. Bildirib ki, Bolqarıstan, Çernoqoriya, Belarus, Ukrayna və Qana da daxil olmaqla, bir sıra dövlətlərin nazirləri və müvafiq dövlət qurumlarının rəhbərləri sərgiyə qatılacaq.

Jurnalistlərlə söhbətində Musayev Azərbaycanın müdafiə sənayesinin məhsullarının xarici ölkələrdə satışının artdığını qeyd edib. Nazir müavini bildirib ki, müştərilər və sifarişçilər arasında əsasən Asiya, Afrika, Yaxın Şərq və NATO üzvü olan ölkələr var.

Əsas təşkilatçı olan ITE Group şirkətinin regional direktoru Edvard Stron isə öz növbəsində deyib ki, belə bir sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın müdafiə sənayesinin inkişafına strateji dəstək verməkdir.

Onun sözlərinə görə, sərgidə Avropanın müdafiə sənayesi müəssisələri də təmsil olunacaq. Şirkət ABŞ istehsalçılarını da sərgiyə cəlb etmək üzərində ciddi çalışır.

Xəbər lenti