Xəzər Xəbər

Bakıda bir neçə küçəni su basıb - VİDEO

Veb TV | 20:23 • 23 Sentyabr 2018
Bakıda bir neçə küçəni su basıb -

Uzun müddət davam edən isti havalardan sonra yağan yağış Bakını sınağa çəkib. Şəhərin bir çox yerlərində yolları su basıb və nəqliyyatın hərəkəti çətinləşib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın müxtəlif bölgələrində subasma hadisələri yaşanan ərazilərdə aidiyyati qurumlar baş verənlərin aradan qaldırılması üçün hərəkətə keçiblər.

Qeyd edək ki, qısa zamanda proqnoz və ehtimal olunan normadan 10 dəfələrlə artıq yağıntı olub. Buna görə yollarda suyun axması üçün düzəldilən infrastruktur suyu tam axıda bilməyib. Odur ki, yollarda suyun həcmi artaraq çətinliklərə səbəb olub.

Paytaxtdakı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyi də rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Nazirlikdən bildirilib ki, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdirir.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraitinin sentyabrın 24-dək davam edəcəyini açıqlayıb. Sentyabrın 24-ü günorta saatlarına qədər qeyri-sabit hava şəraiti hökm sürəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti