Xəzər Xəbər

“Əsrin müqaviləsi”ndən 24 il ötür - Uzaqgörən siyasət və güclü iradə Azərbaycanı böyük enerji ölkəsinə çevirdi - VİDEO

Veb TV | 20:15 • 20 Sentyabr 2018
“Əsrin müqaviləsi”ndən 24 il ötür -

Azərbaycanın iqtisadi müstəqilliyinin əsası 24 il əvvəl qoyulub desək, yanılmarıq. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandi. Bu müqaviləyə Azərbaycanın müəlliflik etməsi görünməmiş bir yenilik, hətta siyasi sensasiya idi. Bəli, uzaqgörən siyasət və güclü iradə Azərbaycanı böyük enerji ölkəsinə çevirdi.

XX əsrin son rübü Azərbaycan üçün sərt imtahanlar dövrü kimi yadda qalıb. Qazandığımız siyasi müstəqillik ölkədən iqtisadi müstəqillik də tələb edirdi. Digər postsovet respublikaları ilə müqayisədə, Azərbaycanın buna həm kifayət qədər iqtisadi potensialı vardı, həm də dövrün tələblərinə cavab verəcək uzaqgörən siyasi rəhbərliyi.

Prezident Heydər Əliyev yaxşı dərk edirdi ki, bu şans, ölkənin təkbaşına görə biləcəyi bir iş deyil. Vəziyyət kritik idi. Dünya nəhəngləri ilə razılığa gəlib, "Avrasya şahmat taxtası üzərində" yeni at gedişləri etmək bizim üçün çox vacib idi. Əvvəlcədən şahmat oyunu kimi düşünülmüş bu ssenariyə Heydər Əliyev gözlənilməz bir gedişlə start verdi. 20 sentyabr 1993-cü ildə Azərbaycanı MDB-yə üzv etdi. Əslində isə, atacağı ikinci addımı üçün sadəcə vaxt uddu.

Düz bir il sonra, 20 sentyabr tarixində Heydər Əliyev ikinci gözlənilməz at gedişini edərək, Bakının "Gülüstan" sarayında dünyanın aparıcı 13 neft şirkəti ilə Azərbaycan arasında "Əsrin müqaviləsi"ni imzaladı. Tam gözlənilməz olan bu addım, çoxlarını şahmat oyunundakı pat vəziyyətinə saldı. Ancaq artıq gec idi. Qatar sükunət nöqtəsini tərk edib, dünya səyahətinə çıxmışdı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "Məhsulun pay bölgüsü" üzrə müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandı, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. Bununla da ölkəmizin "Yeni neft strategiyası və doktrinası" uğurla həyata keçirilməyə başladı.

Ötən əsrin son rübü, yeni əsrin başlanğıcında inşa edilmiş 1768 kilometrlik Bakı-Tbilisi-Ceyhan boru kəməri bölgənin oturuşmuş siyasi xəritəsini köklü şəkildə yenidən redaktə etdi. Kəmər, yaxın coğrafi məkanda Rusiyadan yan ötməklə inşa edilmiş ilk ixrac boru kəməri statusundadır. Kəmərin özülünə ilk daşı 18 sentyabr 2002-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevarnadze, Türkiyə prezidenti Əhməd Necdet Sezər atdı.

Bu cür nəhəng layihələri o vaxtacan yalnız Rusiya kimi bölgə hegomonları inşa edir, nəticədə ətraf coğrafiyanı öz iqtisadi, siyasi maraqlarından asılı vəziyyətə salırdılar. Azərbaycan kimi yeni, ərazicə kiçik, iqtisadi baxımdan zəif bir ölkənin oxşar bir layihəyə müəlliflik etməsi görünməmiş bir yenilik, hətta siyasi sensasiya idi.

"Bakı-Tbilisi-Ceyhan" boru kəmərini inşa etməklə, Azərbaycanın məqsədi bölgədə tam yeni geosiyasi vəziyyət yaradıb, "Avrasyanın böyük şahmat taxtası üzərində" yeni at gedişləri etmək idi. Heydər Əliyev kimi ağırçəkili siyasi fiqur bu oyunda iştirakdan qorxmadı, barmağını layihənin start düyməsinə basdı. 20-dən çox ölkənin dövlət rəsmisi, bir çox ağırçəkili siyasi fiqurların iştirakı ilə yadda qalan bu mərasimdə Azərbaycan, nəhayət öz siyasi və iqtisadi qələbəsini qeyd etdi.

Kəmərin rəsmi sahibi "BTC KO" beynalxalq konsorsiumudur. Səhmlərin 30 faizi BP-nin, 25 faizi Azərbaycanın nəzarətindədir. Qalan səhmlər dünya neft nəhəngləri arasında bölüşdürülüb. Bu təcrübənin davamı, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrində də uğurla təkrarlanır. Artıq Azərbaycan Avropanın qaz bazarında iddialı olmaqla yanaşı, həm də köhnə qitənin enerji təhlükəsizliyindəki mühüm oyunçudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti