Xəzər Xəbər

Ceyrançöl layihəsi başa çatdı - Hesabat

Gündəm | 10:20 • 20 Sentyabr 2018
Ceyrançöl layihəsi başa çatdı - Hesabat
Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012-İyul 2014) ərzində 66 kvadrat kilometr ümumi sahənin 19 kvadrat kilometr ərazisi tam təmizlənib və 14, 654 PHS (partlamamış hərbi sursatlar) və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)-NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimində ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.


O, bildirib ki, Ceyrançöl layihəsinin 2-ci mərhələsinə 2014-cü ilin iyulunda start verilib və 29 ay müddətində davam edən mərhələ çərçiəsində 25.361.396 kvadrat kilometr ərazi təmizlənib, 1553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib.

Q.Əhmədovun sözlərinə görə, layihənin 3-cü mərhələsinə 2017-ci ilin yanvarında start verilib və 18 ay müddətində davam edən mərhələ çərçivəsində 22 milyon kvadrat kilometrə yaxın ərazi təmizlənib, 2 146 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib:

"Bu layihənin ilk iki mərhələsinə rəhbər ABŞ, sonuncu mərhələsində isə Türkiyə olub, donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri olub. Azərbaycan hökuməti də bu vəziyyətlə dərindən maraqlanıb və layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50 faizi miqdarında maliyyə vəsaiti ayırıb".

Xəbər lenti