"Bu yaxınlarda 20
illiyini qeyd etdiyimiz ANAMA 1998-ci ilin iyulun 18-də Azərbaycan
xalqının ümumilli lideri Heydər Əliyevin sərəncamı ilə yaradılıb,
işğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan
təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam
təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi
müəyyən edilib. Fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına
qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan
çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da
nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb". XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)-NATO
Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun
"Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan
təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimindəki çıxışında deyib.
Prezidentin
köməkçisi qeyd edib ki, hazırda ANAMA yüksək peşəkar kadr potensialına
və müasir maddi-texniki bazaya malikdir: "Agentliyin yalnız Azərbaycan
ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb
edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Agentlik bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin
müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub. ANAMA-nın NATO-nun
Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq
vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata
keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi
minalardan təmizlənib".
F.Ələsgərovun sözlərinə görə, digər uğurlu layihə isə Ceyrançöl layihəsi olub: "Keçmiş SSRİ-nin Qafqaz
regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli
miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və
digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina
və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci
ildən başlayaraq 3 mərhələdə həyata keçirilən Ceyrançöl layihəsi üzrə
ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış
hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində
Azərbaycan hökuməti ilə yanaşı, bir sıra ölkələr donor qismində çıxış
ediblər, fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün donor
ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə
əlaqələndirmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan hökuməti adından dərin təşəkkürümü çatdırıram".
Prezidentin
köməkçisi qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi humanist
missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat
və sağlamlıqlarını belə təhlükə altına atırlar.
"Ərazisinin 20
faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan
üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Buna
görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki
təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır. Əminik ki,
ANAMA-nın xarici partnyorlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək".