Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunmuş təntənəli tədbir kеçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən XəzərXəbər-ə verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan
tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların
valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin
dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin
formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət
xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd
mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını qeyd
ediblər.
DSX
Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri
tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti Mеhriban xanım Əliyеvanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.
Məktəbdə
kursantların yaxşı təhsil almasının, fiziki və mənəvi cəhətdən sağlam
böyüməsinin, Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi qeyd edilib. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb.
Məktəbdə
təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox
olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev
Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara
cavab verən tədris korpusu cari ilin mart ayının 5-də Azərbaycan
Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.
Məktəbdə
yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin
müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların
bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların
əksəriyyətinin uyğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.
Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin
Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirib və övladlarını təbrik еdərək onlara
nəsihətlər veriblər. Tədbir kursantların təntənəli marşla tribuna
önündən keçidi ilə başa çatıb.