Xəzər Xəbər

Restoranda müğənni döyülüb - Bakıda - VİDEO

Veb TV | 20:32 • 23 İyul 2018
Restoranda müğənni döyülüb -

Bakıda müğənni oxumağa gəldiyi restoranın qarşısında döyülüb. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki bir restoranın qarşısında baş verib.

Müğənni Namiq Gərayzadə deyir ki, bir neçə gün əvvəl telefon vasitəsi ilə ona toy sifariş ediblər. O, məclisin başlamasına yarım saat qalmış həmin restoranın qarşısına gəlib. Zərərçəkmiş iddia edir ki, avtomobilini park edərkən restoranın mühafizəçiləri ona maşını həmin yerdə saxlamamağı bildiriblər. Bu zaman mübahisə baş verib və onu döyüblər. 

Toy sahibinin müdaxiləsi ilə ara sakitləşib və yaralı halda olan müğənni təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Həmin vaxt müğənni ''102'' zəng mərkəzinə də hadisə ilə bağlı məlumat verib. 

Sözügedən restoranın inzibatçısı isə ''Xəzər Xəbər''ə bildirdi ki, onlar belə bir hadisədən xəbərsizdirlər. 

''Əgər burda belə bir dava olsa idi, ən azından mənim xəbərim olardı'',- deyə inzibatçı bildirdi. 

Ərazi üzrə Nizami rayon 24-cü polis şöbəsinin təhqiqatçıları hadisə ilə bağlı zərərçəkmiş müğənninin ifadəsini alıblar. Şöbədən verilən məlumata görə, faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti