Xəzər Xəbər

Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub

Dünya | 10:15 • 16 İyul 2018
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub

Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Ölkənin bütün ərazisində 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunan mərasimlər təşkil olunub. Məscidlərdə, Şəhidlər xiyabanlarında, konfrans və toplantılarda şəhidlərin ruhuna dualar oxunub, ailələrinə səbir və dözüm, qazilərə Allahdan şəfa dilənib.


Ən böyük izdihamlı mitinq İstanbuldakı 15 Temmuz (iyul) – Şəhidlər Körpüsündə keçirilib.


Mitinqçilər qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi fədakarlıqdan danışıb. Prezident əminliklə bildirib ki, Fətullahçı terror təşkilatının (FETÖ) bütün üzvləri qanun qarşısında cavab verəcəklər.


Tarixin daha bir ağır sınağından üzüağ çıxan qardaş Türkiyə xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. İnsanlar "Öncə Vətən!” şüarı ilə küçə və meydanlara axışıblar. Hüquqi dövlətin qorunması, Vətəninin bütövlüyü naminə canlarından keçməyə hazır olan vətəndaşlar həyatlarını təhlükəyə ataraq ölkəni məhv olmaqdan xilas etdilər. Azğınlaşmış hərbi qiyamçılar dinc əhaliyə, günahsız insanlara silah tətbiq etsələr də xalqın etiraz dalğasına təslim olmaq məcburiyyətində qaldılar.


Qeyd edək ki, həmin gecə baş verən hərbi qiyam, dövlət çevrilişi cəhdi hakimiyyət-xalq birliyinin güclü həmrəyliyi sayəsində dəf olunub. Təəssüf ki, dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib.

Xəbər lenti