Xəzər Xəbər

Türkiyə ABŞ-ın başlatdığı ticarət savaşına qoşuldu

Dünya | 14:11 • 21 İyun 2018
Türkiyə ABŞ-ın başlatdığı ticarət savaşına qoşuldu
Bu gündən etibarən Türkiyəyə ixrac olunan ümumilikdə 300 milyon dollarlıq 22 adda ABŞ məhsulu üçün Ankara əlavə gömrük rüsumları ttəbiq edəcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib.


"ABŞ polad və alüminiuma əlavə tariflər tətbiq edib. Biz Amerikaya 1,18 milyard dollarlıq polad ixrac edirik, onlardan isə 1,3 milyard dollarlıq mallar alırıq. Bu problemi ikitərəfli danışıqlar zamanı həll etməyə çalışdıq, lakin alınmadı. Onlar bizdən əlavə olaraq 260 milyon dollar gömrük rüsumu alacaqlar. Biz də fəaliyyətə keçərək 300 milyon dollarlıq 22 adda Amerika məhsullarına qarşı əlavə gömrük rüsumları tətbiq etdik. Bu gündən başlayaraq onlar qüvvəyə minib” – deyə Zeybekçi NTV telekanalının efirində bildirib.


Qeyd edək ki, ABŞ administrasiyası ölkənin milli təhlükəsizliyini əsas gətirərək, martın 1-dən etibarən bir sıra dövlətlər, o cümlədən Türkiyədən idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Avropa İttifaqı ölkələri, Kanada və Meksikaya qarşı isə eyni tariflər iyunun 1-dən qüvvəyə minib. Vaşinqtonun bu qərarı digər dövlətlərlə, xüsusən də müttəfiqlərilə ticarət savaşına gətirib çıxarıb və qarşı tərəflərdə ciddi narazılıq doğurub. Artıq Avropa İttifaqı və Kanada ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq etmək barədə qərar qəbul ediblər.

Xəbər lenti