Xəzər Xəbər

“Rusiya 2018”: Portuqaliya qalib gəldi - FOTO

İdman | 18:32 • 20 İyun 2018
“Rusiya 2018”: Portuqaliya qalib gəldi -

İyunun 20-də futbol üzrə XXI dünya çempionatının VII gününün ilk oyununda "B” qrupunda yer alan Portuqaliya və Mərakeş yığma komandaları qarşılaşıblar.


AZƏRTAC xəbər verir ki, sürətli hücumlar şəraitində keçən oyunda Portuqaliya millisi minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu matçın 4-cü dəqiqəsində Kriştiano Ronaldo vurub. Portuqaliyalıların künc zərbəsindən sonra başlatdıqları hücumda rəqibin cərimə meydançasına hava ötürməsini başla dəqiq və qüvvətli zərbə ilə tamamlayan ulduz futbolçu cari mundialda dördüncü qolunu qapıdan keçirib. Komandaların səylərinə baxmayaraq, matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və Portuqaliya yığması minimal hesabla qalib gələrək səkkizdəbir finala yüksəlmək üçün vacib olan 3 xalı aktivinə yazdırıb.


Mərakeş yığması isə İrana məğlubiyyətdən (0:1) sonra ikinci görüşdə Portuqaliyaya uduzaraq səkkizdəbir finala yüksəlmək şansını itirib.


Qeyd edək ki, bu matçda vurduğu qol Kriştiano Ronaldonun Avropada yeni rekord müəyyənləşdirməsinə səbəb olub. Belə ki, milli komandanın heyətində keçirdiyi 152 oyunda 85-ci qolunu vuran portuqaliyalı hücumçu bu göstərici üzrə macarıstanlı əfsanəvi futbolçu Ferents Puşkaşın rekordunu yeniləyib. Xatırladaq ki, F.Puşkaş 85 oyunda 84 dəfə fərqlənib.


Qeyd edək ki, dünyada bu göstərici üzrə rekordun sahibi İran millisinin sabiq futbolçusu Əli Daeidir. 2006-cı ildə futbolçu karyerasını başa vuran Ə.Daeinin aktivində 109 qol var.


Bu qrupun digər oyununda hazırda "B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi "Kazan Arena”da qarşılaşacaqlar. Həmin matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.


Saat 19:00-da isə Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması keçiriləcək. Həmin görüş İdman Azərbaycan kanalında yayımlanacaq.

Xəbər lenti