Xəzər Xəbər

Göyçay körpüsü 3 gündən sonra istifadəyə veriləcək - FOTO

Region | 16:37 • 19 İyun 2018
Göyçay körpüsü 3 gündən sonra istifadəyə veriləcək -

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatmaq üzrədir.


Selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 30 metrlik hissəsi dağılmış, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanmış, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları körpünün bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni, suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb.


Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan beton istinad divarı qurulub. Hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bu günədək əraziyə təxminən 20 min kubmetr torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb. Körpünün bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilir. İnşaat işlərinin 3 gün ərzində başa çatdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur.


Qeyd edək ki, körpünün dağılması səbəbindən iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedib-gəlirlər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur. (AZƏRTAC)

Xəbər lenti