Xəzər Xəbər

Bakıda dəmiryolu stansiyasında qumbara tapılıb - FOTO

Hadisə | 18:40 • 22 May 2018
Bakıda dəmiryolu stansiyasında qumbara tapılıb -

Mayın 22-də saat 15:37-də Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətindən və saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Nizami rayonunda əl qumbarasının tapılması barədə məlumat daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Qurumun mütəxəssisləri və DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları Böyük Şor stansiyasının ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Qumbaranın tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Yanvarın 1–dən mayın 22-dək ANAMA tərəfindən 3509 ədəd partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 84 min 65 kvadratmetr ərazi yoxlanılıb.

Xəbər lenti