Xəzər Xəbər

Sarkisyanı postdan aşıran Paşinyan baş nazir olmaq istəyir - Respublikaçılara ultimatum - VİDEO

Veb TV | 20:36 • 24 Aprel 2018
Sarkisyanı postdan aşıran Paşinyan baş nazir olmaq istəyir -

"Məxməri inqilab" yarımçıq qala bilməz və onu sonadək başa çatdırmaq lazımdır''.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri müxalifətin "Çıxış" fraksiyasının rəhbəri, "Məxməri inqilab" komitəsinin lideri Nikol Paşinyan erməni mətbuatına bildirib. O, erməni xalqını yenidən respublika meydanına səsləyib. Paşinyan bildirib ki, ölkənin gələcək həyatı ilə bağlı qərar sabah axşam xalqa birgə veriləcək.

Nikol Paşinyan sabah baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla görüşəcəyini bildirib. Danışıqlarda əsas müzakirə mövzusu baş nazir postunun sahibinin müəyyənləşməsi və ölkənin bundan sonrakı taleyi olacaq. Paşinyan birmənalı şəkildə vurğulayıb ki, 'Serj Sarkisyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər, hazırda Ermənistanda hakimiyyət xalqın əlindədir.Buna müqavimət göstərmək əhəmiyyətsizdir.

Paşinyan baş nazir postuna iddiasını bir cümlə ilə ifadə edib. "Xalq mənə etimad göstərsə, bundan imtina etmərəm".

Müxalif lider bu açıqlamaları ilə baş nazir kürsüsünə iddialı oldugunu açıq ortaya qoyur. Erməni və rus ekspertlərinin fikrincə, Nikol Paşinyanın öz planı var. Sarkisyanın istefası onun planının ancaq birinci hissəsidir. Çoxları hesab edir ki, o, vaxtından əvvəl parlament seçkisindən işə başlayacaq. Baş nazir vəzifələrini icra edən Karen Karapetyanla Paşinyanın danışıqlarından da çox şey asılıdır. Karapetyan uzun illər Rusiya "Qazprombank" sədrinin birinci müavini olub. Paşinyan isə ondan fərqli olaraq qərbə meyillidir. O, ölkəsinin Rusiyanın himayəsində olmasından narazıdır.

Bu arada, bu gün Təhlükəsizlik Şurasının iclasını keçirən baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan, rəsmi şəxslərə özlərini ələ almağı tapşırıb. O, ölkənin təhlükəsizliyinin ciddi təhdidlərə məruz qala biləcəyini diqqətə çatdırıb. Bildirib ki, vəziyyət stabilləşənə qədər cəmiyyət əmin olmalıdır ki, ölkədə bütün qurumlar iş başındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti