Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da NATO-nun Avropada
Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, Körtis Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Azərbaycan
Prezidenti təbrikə görə minnətdarlığını bildirdi. Söhbət zamanı
NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edildi.
Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, səfər zamanı NATO-nun
baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının
iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan
əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək Azərbaycanın
bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd etdi. O, xüsusən
Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək
qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat
imkanlarından istifadə edilməsinin önəmini vurğuladı.
Körtis
Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
ilə görüşünə ölkəmizin ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə
minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.