Xəzər Xəbər

Rusiyada robot-cərrahlardan istifadə olunacaq

Texnologiya | 15:16 • 22 Mart 2018
Rusiyada robot-cərrahlardan istifadə olunacaq

2020-ci ildə Rusiya xəstəxanalarında 400-ə yaxın robot-cərrah işləyəcək. Amerikanın Da Vinçi robotunun oxşarı olan həmin robotlar olduqca çevikdir və cərrahiyyənin bütün sahələrində işləyə bilər.


AZƏRTAC Rusiyanın medportal.ru saytına istinadla xəbər verir ki, bu barədə robotun yaradılmasında iştirak edənlərdən biri, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş uroloqu Dmitri Puşkar məlumat verib.


"Beş ədəd yerli robotu 2019-cu ildə əməliyyatlarda kliniki sınaqlardan keçirməyi planlaşdırırıq. Düşünürəm ki, 2020-ci ilə kimi Rusiyada İcbari Tibbi Sığorta (İTS) proqramı çərçivəsində lazım olan qədər – başlanğıc üçün 300-400 aparat hazırlanacaqdır. Hazırda robot canlı heyvanlar üzərində sınaqdan keçirilir”, - deyə D.Puşkar bildirib. Onun sözlərinə görə, söhbət tam avtomatlaşdırılmış deyil, həkimlərin idarə etdikləri əməliyyatlardan gedir. Belə aparatlar həkimə öz işini 1 mikronadək dəqiqliklə yerinə yetirməkdə kömək edir və bu, insanın imkanlarından xeyli dərəcədə yüksəkdir. Bundan başqa, robotların vəziyyətin müstəqil şəkildə təhlilini aparmaq imkanı vardır.


"Süni intellekt yaradırıqmı? 50 əməliyyatdan sonra belə bir sirri açıqlaya bilərəm: bizim robot "hiss edəndə” ki, həkim iynəni lazım olan yerə yönəltməyib, onun istiqamətini 5-7 dərəcə dəyişdirə bilir,” – deyə həkim qeyd edib.


Dmitri Puşkar bildirib ki, artıq bu gün dünyanın müxtəlif ölkələrinin həkimləri amerikalıların Da Vinçi robotundan istifadə edirlər. Ancaq əməliyyatların əksər hissəsi urologiya sahəsində aparılır və bir robotun qiyməti 3 milyon dollara yaxındır.


Rusiyalıların hazırladıqları aparat daha ucuz başa gələcək və eyni zamanda, geniş tətbiq sahələri olacaq. Onun daha yığcam və çəkisinin 50 kiloqram olması lazım gələndə aparatın bir tibb müəssisəsindən digərinə nəqlini asanlaşdırır. Bundan başqa, həmin robotu eyni vaxtda iki mütəxəssis idarə edə bilər.


Baş uroloq qeyd edib ki, hazırda robotun lazer texnologiyalarını tətbiq etməsi və onun mexaniki hissələrinin ölçülərinin kiçildilməsi məsələsinə baxılır. Robotun xidmətlərinin İcbari Tibbi Sığorta sistemi çərçivəsində əlçatan olması nəzərdə tutulur.


Əvvəllər məlumat verilmişdi ki, Da Vinçi robotunun Rusiya analoqu 2012-ci ildən yaradılmağa başlanılıb və ötən ilin aprelində ictimaiyyətə təqdim olunub. Amerika robotunun bir sıra aşkar çatışmazlıqları var: çox iridir, çəkisi bir tona yaxındır, bahadır, işlətdiyi alətlər birdəfəlikdir və qiymətləri də ucuz deyil. Rusiya robotunun işlək materialları xeyli ucuz başa gəlir. Bununla yanaşı, onun sərbəstliyi daha çox, "barmaqlar”ının hərəkət imkanları daha genişdir.

Xəbər lenti