Xəzər Xəbər

Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi VİDEO

Veb TV | 20:56 • 19 Mart 2018
Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi

Prezident seçkiləri ilə əlaqədar təşviqat prosesinə artıq start verilib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrini təşviqat dövründə diqqətli olmağa çağırıb. Bu axşamdan etibarən İctimai Televiziyada namizədlərin dəyirmi masası olacaq. Debatların vaxtı da namizədlərin istəyinə uyğun dəyişdirilib.

"Təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaradılmalıdır".

Bu fikirləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.

Əli Həsənov deyib ki, bu dəfə də İctami Televiziyada namizədlər üçün pulsuz efir vaxtı ayrılıb və bu axşamdan efirdə onların dəyirmi masası olacaq. Təşkil ediləcək debatların vaxtı da namizədlərin istəyinə uyğun dəyişdirilib.

Əli Həsənov qeyd edib ki, ödənişli təşviqat aparacaq Kütləvi İnformasiya Vasitələri də bütün namizədlər üçün bərabər şərait yaratmalıdırlar. Prezidentin Köməkçisi vurğulayıb ki, təşviqat dövründə media nümayəndələri diqqətli olmalıdır. Namizədlərdən biri prezidentdir və ölkə başçısının keçirdiyi tədbirlərlə bağlı da qanunvericiliyin tələblərini pozmaq olmaz.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə bildirib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək, müşahidə etmək mümkündür. Seçkilərə bir neçə gün qalmış beynəlxalq müşahidəçilər də Azərbaycana gələcək.

Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə KİV rəhbərləri, jurnalistlər və blogerlər iştirak ediblər.


Xəbər lenti

Çox oxunanlar