Xəzər Xəbər

Agac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Gündəm | 16:32 • 21 Fevral 2018
Agac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30 sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu Sinovli kəndində yaşayan Daşqın Mehrəliyev tərəfindən kəsildiyi və təbiətə 8600 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti