Xəzər Xəbər

“Əmək müqaviləsi bağlayın! Gələcəyə güvənlə baxın!” adlı sosial çarx hazırlanıb

Cəmiyyət | 11:44 • 18 Yanvar 2018
“Əmək müqaviləsi bağlayın! Gələcəyə güvənlə baxın!” adlı sosial çarx hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat və maarifləndirmə işlərinin bir istiqaməti də əmək müqaviləsi, onun işçilərin əmək və sosial hüquqlarının müdafiəsində əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar qurum "Əmək müqaviləsi bağlayın! Gələcəyə güvənlə baxın!” adlı sosial çarx hazırlayıb. Çarxda əmək müqaviləsi, onun işəgötürənlə işçi arasında əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən, işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə, onların onların həyat və sağlamlıqlarının mühafizəsini təmin edən təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək hüquqlarına yiyələnmələrinə əsaslı təminat yaradan hüquqi sənəd olduğu haqqında məlumat verilir. İşçilər, həmçinin, əmək müqaviləsi ilə məcburi dövlət sosial sığortasına cəlb olunaraq fərdi uçot sistemində şəxsi hesaba malik olmaq imkanı qazanırlar. Həmin fərdi hesabda sosial sığorta ayırmaları hesabına toplanan vəsait isə gələcək sosial müdafiə hüquqlarının formalaşması üçün vacib əsas rolunu oynayır.

Əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sisteminə (ƏMBEİS) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndəriləndən sonra rəsmiləşir. Əmək müqaviləsi bildirişi isə əmək müqaviləsinin bağlanılmasının və ya ona dəyişiklik edilməsinin, yaxud xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.

Hər bir işçi onunla bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi yalnız ƏMBEİS-də qeydiyyatdan keçdiyi halda hüquqi qüvvəyə mindiyini bilməlidir. Əks halda işçi və işəgötürən arasında əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır. Hər bir işçi qeyri-rəsmi əmək münasibətlərində tərəf olmamasına, öz əmək və sosial hüquqlarının sahibi olmağa çalışmalıdır.

Xəbər lenti