Prokurorluq orqanlarına
işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar
əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı
ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə
müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş
Prokurorluq tərəfindən keçirilən müsabiqə üzrə sənədlərin qəbulu 15
fevral 2018-ci il tarixədək davam etdiriləcəkdir.
Baş Prokurorluqdan
XəzərXəbər-ə verilən məlumata görə, prokurorluq orqanlarında işləmək arzusunda olan
və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc
hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim
etməklə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin ilkin
mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə,
müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların,
kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 28 fevral
2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 3 saat ərzində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26 A) keçiriləcəkdir.
Test
imtahanında iştirak etmək üçün müsabiqəyə buraxılan namizədlər 22-23
fevral 2018-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət
vəsiqəsini təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi”ni və
"Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında
(Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Namizədlərin
diqqətinə çatdırılır ki, imtahan zamanı istifadə olunacaq test
tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan
istifadə ediləcəkdir:
– Azərbaycan Respublikasının Konstitusiyası;
– "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
–
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanunu;
– "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
– "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
– "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.